“SOCAR Turkey”: STAR koronavirus müddətində “Petkim”in istehsalını gücləndirdi

“SOCAR Turkey”: STAR koronavirus müddətində “Petkim”in istehsalını gücləndirdi

Koronavirus səbəbindən bir çox istehsalçı xammal təchizatında problem yaşadığı halda, əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim” neft-kimya kompleksi SOCAR-ın STAR neft emalı zavodu ilə inteqrasiya şəklində çalışması sayəsində istehsala tam gücdə davam edir.

"Report” xəbər verir ki, bu barədə SOCAR-ın Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji”nin məlumatında bildirilib.

Qeyd edilib ki, "Petkim” xam maddə olaraq istifadə olunan və əvvəllər idxal etmək məcburiyyətində qaldığı naftanı STAR zavodundan təmin edir və epidemiya müddətində istehsalını fasiləsiz davam etdirərək xüsusilə də tibbi ləvazimatlar üçün xammal istehsalına böyük töhfə verir.

"Petkim”in baş direktoru Anar Məmmədov bildirib ki, STAR zavodunun inşasının əsas məqsədlərindən biri də "Petkim”in xammal ehtiyacını qarşılamaq olub:

"Koronavirus səbəbindən müxtəlif sektorların istehsalında problemlər yaranıb, bir çox istehsalçı xammal tədarükü olmamasından əziyyət çəkib. İzmirin Əliağa bölgəsində yerləşən Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya müəssisəsi olan "Petkim”in yanında inşa etdiyimiz STAR zavodu inteqrasiya yaradır. STAR zavodu olmasa idi, bu çətin vaxtda beynəlxalq tədarük zəncirindəki çətinliklər səbəbindən "Petkim”in əsas xammalı olan naftanın idxalında problem yaşaya bilərdik. STAR zavodu "Petkim” üçün fayda gətirdi, həm də bir çox sektorda istehsalın davamlılığını təmin etdi”.

A.Məmmədov həmçinin qeyd edib ki, ildə 10 mln. ton emal gücü ilə Türkiyənin neft məhsulları tələbatının 25%-ni qarşılayan STAR-da koronavirusa görə tələbata uyğun olaraq istehsal planı yenilənib:

"Türkiyənin bu müddətdə ehtiyacı olan neft məhsullarının tədarük zəncirində çatışmazlıq olmaması üçün istehsala davam edirik. Bu müddətdə təyyarə yanacağına ehtiyac böyük miqdarda azaldığı üçün bu məhsulun istehsalı tamamilə dizel yanacağı istehsalına keçirilib. Koronavirusdan sonra yenidən sürətlə təyyarə yanacağı istehsalına başlayacağıq. Neft emalı zavodumuz ən müasir texnologiya ilə inşa edildiyindən bu cür vəziyyətdə əməliyyatlarda çeviklik yaratmaq mümkündür.

Türkiyədə dizel yanacağının 40%-i idxal edilir. STAR zavodu ildə 4,8 mln. ton dizel yanacağı istehsalı ilə Türkiyənin tələbatını 20% təmin etmək gücündədir”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR