Kənd təsərrüfatı torpaqları olan şəxslərin qanunvericilikdə avtomatik məşğul sayılması məsələsi son 2 ayda ən çox dartışılan məsələ oldu. Koronavirus pandemiyası səbəbilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar dövlətin qeyri-məşğul və məşğulluğunu müvəqqəti itirmiş şəxslərə iki aylıq 190 manat yardım etməsi bu sahədə mövcud problemlərin daha qabarıq formada özünü göstərməsinə səbəb oldu. Belə ki, yardımı almalı olan şəxslərin siyahısında adına kənd təsərrüfatı təyinatlı torpaq olan vətəndaşların yer almaması ciddi narazılıq yaratdı.
Qeyd edək ki, "Məşğulluq haqqında” qanunda "məşğul əhali” anlayışına "mülkiyyətində torpaq payı olanlar” da aid edilir. Düzdür, bu cümlə qanunda "İşsiz statusu verilməsi qaydaları” paraqrafında göstərilmir, amma Dövlət Statistika Komitəsi işsizliyin ölçülməsi metodoloğiyasına bunu daxil edib. Yəni, Komitə öz ölçmə meyarlarında bu suala müsbət cavab verən, amma beynəlxalq kriteriya olan "son 4 həftədə iş axtaran və novbəti iki həftə ərzində iş təklif olunarsa, işləyə bilən şəxsi” işsiz saymır.
İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, aqrar sahə ilə məşğul olanlar arasında sorğu başqa kriteriyalar əsasında aparılmalıdır, çünki kənd təsərrüfatı sahəsi (heyvandarlığı çıxmaqla) ilin 12 ayı daimi məşğulluq tələb etmir:

"Üstəlik, nəzərə alsaq ki, heç də hamı torpaq payını əkib-becərmir, hətta əkib-becərsə də, bu cüzi torpaq payı onun və ailəsinin dolanışığını təmin etmək gücündə deyil, onda işsizlərin sayı elə aqrar sektorda yaşayanların da hesabına arta bilər”.
R.Ağayev deyir ki, bu metodologiyanın yanlış olduğunu qəfil gələn böhran da göstərdi:
"Ən azından indi yanaşma dəyişməlidir. "Məşğulluq haqqında” qanuna təcili dəyişiklik olmalıdır. Bir metdodiki yanaşma deyim: bir nəfər üçün aylıq yaşayış minimumu orta hesabla 190 manat təşkil edir. Demək, orta statisitk ailəni 4 nəfər götürsək, bu ailənin il ərzində minimum yaşayışını təmin etmək üçün 9100 manatdan çox vəsait lazımdır. O da mümkündür ki, bir çox ölkələrdə olduğu kimi, fərdlə yanaşı, ailə üçün də ayrıca yaşayış minimumu təsdiqlənsin.
Bu hədd yoxsulluğun sərhədidir - yəni bu həddə pul qazananlar yoxsullardır. Beynəlxalq praktikaya görə, həmin səviyyədən aşağı hədd aclıq həddidir.
1 hektar torpaqda insanlar nə əkib becərə, nə qədər heyvan saxlaya bilər ki, orta statistik ailənin minimum yoxsulluq həddindən yuxarı yaşaya bilməsini təmin etsin?
Təklifim belədir: hökumətin müvafiq strukturları (Kənd Təsərrüfatı və İqitsadi İnkişaf nazirliklərinin, Dövlət Statistika Komitəsinin) mütəxəssislərindən ibarət bir komissiya yaradılsın, müxtəlif əkin növləri və ya sırf heyvandarlıq məqsədilə istifadə olunan 1 hektar torpağın keyfiyyət qrupundan (4 qrup var) asılı olaraq gəlir əldə etmə potensialını hesablasınlar, ildə bir dəfə yaşayış minimumu kimi bu hesablamanı da təzələsinlər.
Bütün fəaliyyət növləri üzrə xərclər çıxılmaqla orta gəlirliliyi hesablasınlar, kəndlilər də ildə bir dəfə öz torpaqlarında nə becərdikərini elektron kənd təsərrüfatı sistemində qeydə aldırsınlar.
Artıq bu məlumat və qaydalar olduqdan sonra 1 hektarın bazasında ailələrin orta gəlirliliyini hesablamaq da problem olmayacaq.
Bu hesablama nəticəsində orta statistik əmək qabiliyyətli şəxsin məşğul sayılması üçün kafi sayıla biləcək torpaq sahəsinin də həcmini müəyyən etmək çətin olmayacaq. Bu, həm də sosial müdafiə sisteminə ədalətin gətirilməsi üçün də çox önəmlidir”.
Ekspertin sözlərinə görə, ailədə adambaşına 0.2 hektar torpağı və 2 hektar torpağı olan insanları eyni meyarla məşğul saymaq çox ədalətsizdir:
"Bir təcrübəni də deyim: bəzi postsovet ölkələrində aşağı ölçülü torpaq sahəsi olan və fermer kimi qeydiyyata düşməyən ailə təsərrüfatlarını "həvəskar”, "öz tələbatını ödəyən” fəaliyyətlə məşğul olanlar kimi uçota alırlar. Və fermer kimi uçota alınanlardan fərqli olaraq bunları heç də avtomatik məşğul sayıb ədalətsizcəsinə dövlətin sosial müdafiə sisteminin əhatəsindən kənara atmırlar”.
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirdi ki, bir çox ölkələr kimi Azərbaycanın da iqtisadiyyatı aqraryönümlüdür:

"Kənd təsərrüfatına ona görə bu qədər önəm verilir ki, burada insanların məşğulluğu daha kütləvidir və xüsusən regionlarda yaşayan insanlarımız ilboyu öz fəaliyyətlərini təşkil edə bilirlər. Bizdə təxminən 1 milyon 300 min insan aktiv kənd təsərrüfatı ilə məşğul olur. Heyvandarlıqla, bitkiçiliklə, sənaye ilə. Bunlardan 470 min nəfəri elektron kənd təsərrüfatı sistemindən elektron qeydiyyatdan keçib. Yanvardan indiyə olan məlumatdır bu, yəqin ki, növbəti illərdə bunun sayı artacaq. Bunlar sistemdə qeydiyyatdan keçiblərsə, o deməkdir ki, dövlətdən subsidiya alırlar. O zaman bir az absurd durum ortaya çıxır: əgər bu insanlar subsidiya alıblarsa və üstəlik, dövlətdən sosial yardım da alsalar, məntiqsizlik olardı. Məncə, bu, əsas götürülüb. Demək olar ki, kənd təsərrüfatında məşğul olan insanların əksəriyyəti dövlətdən birbaşa və ya dolayısı ilə subsidiya və güzəştlərlə təmin olunub. Bu da dəstəyin başqa bir formasıdır. Hətta builki qaydalara görə, kənd təsərrüfatında elə sahələr var ki, fermerlər həm əkin sahəsinə, həm də götürdükləri məhsula görə dövlətdən subsidiya alırlar. Məsələn, pambıq, texniki bitkilər və s.-ə görə”.
N.Nəsirli torpağı olanlara yardımın verilməməsilə bağlı qərarın məntiqli olduğunu deyir. Onun sözlərinə görə, kimsə öz torpağından xeyir götürə bilmirsə, bu, başqa məsələdir:
"Bizim bir çox rayonlarımızda insanlar torpaqdan səmərəli istifadə edə bilmir və buna görə də müəyyən məbləğə başqasına icarəyə veriblər. Bizim elə rayonlarımız var ki, orada əkin dövriyyəsində olan torpağın bir hektarının qiyməti Bakıda məsələn, Binəqədidə tikinti təyinatlı torpaqların qiymətinə çox yaxındır. Yəni qiymətli torpaqları var, hətta kənardan insanlar gəlib ordan torpaq götürüb məşğul olurlar. İctimai rəydə belə bir fikir var ki, kənd təsərrüfatı rentabelsiz sahədir. Belə olsaydı, bu qədər insan bu sahədə fəaliyyət göstərməzdi. Bəzi insanların torpaqdan səmərəli istifadə edə bilməməsinin obyektiv və subyektiv səbəbləri var. Məsələn, bizdə bəzi əkin dövriyyəsində olan torpaqlar deqradasiyaya uğrayıb, şoranlaşma baş verib, yaxud infrastrukdurdan uzaqdadır, oranı əkib-becərmək rentabelli deyil. Amma mən qeyd etdim ki, filan qədər insan kənd təsərrüfatınyla məşğuldur, təbii, gəlir var var ki, onlar bu sahədədirlər. Biz biznes planlar üzrə danışa bilərik, məsələn, bir hektarda kartof əkən insan oradan orta hesabla 40 tona yaxın kartof götürə bilir. Yaxud pambığı götürək, ortalama hektardan 5-6 ton pambıq götürmək olur. Dediyim kimi, fermer həm əkin sahəsinə görə, həm məhsulun kiloqramına görə dövlətdən subsidiya alır”.
Ekspertin sözlərinə görə, bu gün kənd təsərrüfatında öz işini elmi əsaslarla, aqronomiyanın və bazarın tələbləri əsasında quran minlərlə insan var:
"Onlar heç də az pul qazanmırlar. Məsələn, mən sizə misal göstərə bilərəm, ərazisinin böyük bir hissəsini itirmiş Ağdam zonası soğandan xeyli pul qazanır. Şəmkir bu sahədə qazanc götürməyilə məşhurdur. Niyə Cəlilabadda istənilən bir fermerdən soruşanda deyir, mən kartofdan böyük gəlir əldə edirəm, amma qonşu rayonda 190 manata göz dikir əhali?! Burada bir qədər başqa məsələlər var, məsələn, işin elmi əsaslarla təşkili, torpağa fərqli yanaşma və s. Yaxşı olar ki, torpağa bağlı olan insanlarımız yeni biliklərə açıq olsunlar. Azərbaycan o iqlim şəraitinə malik olan ölkələrdəndir ki, ildə bir dəfə məhsul götürülür vahid sahədən. Bizim ümumi əkin dövriyyəmizdə 5 milyon 800 min hektar torpaq var, amma biz bu və ya digər səbəblərdən bunun 1 milyon 800 min hektarını əkə bilirik. Burada torpaqlardan səmərəli istifadə olunmaması, qanunvericiliklə və s. bağlı olan məsələlər var. Məsələn, Bərdə rayonunda yüzlərlə fermer var ki, payızda taxılı əkir, iyun ayında biçir, həmən ardınca qısa vegetasiyalı qarğıdalı, günəbaxan, soya, tez yetişən pambıq sortları əkirlər və sentyabr ayında növbəti dəfə məhsul götürür. Beləliklə, ilboyu burda məşğulluq təmin olunur. Bizdə kənd təsərrüfatında elə istehsal sahələri var ki, orada bir hektarda orta hesabla 50-60 insan paralel işləməlidir, pambıqçılıqda bu əmək tutumu daha yüksəkdir”.
N.Nəsirli bildirir ki, müəyyən insanların kənd təsərrüfatından pul qazana bilməməsi mümkündür, bu da fərdi məsələdir:
"Ümumilikdə kənd təsərrüfatı xüsusilə postpandemiya dövründə daha çox əhəmiyyət qazanmış bir sahəyə çevrilir və torpaq bir azdan el dilində deyildiyi kimi, qızıla bərabər olacaq. Cəmiyyətdə imkanlı insanlar da var ki, kənd təsərrüfatına investisiyalar yatırmağa başlayıblar. Kənd təsərrüfatının əhəmiyyəti getdikcə artacaq”.
Qaynarinfo-nun İqtisadiyyat şöbəsi