"Türkiyə iqtisadiyyatının ikinci böhranla üzləşməsi ehtimalı yüksəlib" - EKSPERT

Azərbaycanın əsas ticarət tərəfdaşlarından (bu ilin ilk 5 ayının nəticələrinə görə, ixracımızın 11,41%-i, idxalın 14%-i onun payına düşüb) biri olan Türkiyədə iqtisadiyyat üzərində təzyiqlərin artması hər zaman ölkəmizdə xüsusi diqqətlə izlənir. Türkiyənin kredit reytinqinin azaldılması və son zamanlar ABŞ-la münasibətlərin gərginləşməsi qardaş ölkənin iqtisadiyyatı üçün əlavə risklər yaradıb. Bəs vəziyyət hansı istiqamətdə inkişaf edə bilər və bunun Azərbaycana təsiri necə olacaq?

Məsələni şərh edən ADA Universitetinin Biznes Məktəbinin dekanı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Elkin Nurməmmədov Türkiyə iqtisadiyyatının xarici kreditlərdən, xüsusilə qısamüddətli borclanmadan çox asılı olduğunu vurğulayıb: "Mövcud hökumətin siyasi prioritetləri əsasında qurulan iqtisadi model seçkiqabağı dövlət xərclərini və kreditləşməni artırmaq vasitəsilə iqtisadi aktivliyi canlandırmağa xidmət edib. Lakin bu dayanıqlı inkişaf modeli deyil. Belə ki, bu addımlar qısamüddətli perspektivdə iqtisadi aktivliyin canlanmasına səbəb olsa da, vaxt keçdikcə inflyasiya və milli valyuta olan lirənin dəyərdən düşməsi kimi fəsadlarla nəticələnir. Modelin dayanıqlı olması üçün hökumət xarici investorları ölkədə gedən iqtisadi-siyasi proseslərin uzunmüddətli perspektivdə iqtisadi potensialı, borclar üzrə ödəniş qabiliyyətini artıracaq istiqamətdə olduğuna inandıra bilməlidir”.

Onun sözlərinə görə, 2018-ci ildən bəri Türkiyədə siyasi və iqtisadi arenada baş verən proseslər, təəssüf ki, xarici kapitalın ölkədən qaçışına, lirənin əhəmiyyətli dərəcədə ucuzlaşmasına, inflyasiya və işsizlik səviyyəsinin yüksəlməsinə gətirib çıxartdı: "O zaman həbsdə olan keşiş Endryu Bransonun azadlığa buraxılması ətrafında ABŞ və Türkiyə arasında yaranan gərginlik, Türkiyə prezidentinin Mərkəzi Bankın müstəqilliyinə kölgə salan bəyanatları, yüksələn inflyasiya şəraitində faizləri artırmamağa dair təzyiqləri və sair məqamlar keçən ilin böyük hissəsinin iqtisadi resessiya vəziyyətində keçməsi ilə nəticələndi”.

Ekspert hesab edir ki, yenicə böhrandan çıxmış Türkiyə iqtisadiyyatının ikinci böhranla üzləşməsi ehtimalı yüksəlib: "2019-cu ilin əvvəlindən düzəlməyə başlayan vəziyyət yenidən pisləşməyə başladı. S400 zenit raket komplekslərinin Rusiyadan alınıb-alınmaması məsələsi ABŞ-ın Türkiyəyə sanksiya tətbiqetmə ehtimalını xeyli yüksəltdi. Neqativ xəbərlər fonunda investorlar vəsaitlərini ölkədən çıxarmağı üstün tuturlar. Beynəlxalq kredit agentliklərinin Türkiyənin kredit qiymətini aşağı salması kapital qaçışını daha da gücləndirir. Vəziyyətin bundan sonra hansı istiqamətdə cərəyan edəcəyi isə Yaponiyada baş tutacaq G20 sammiti çərçivəsində Türkiyə və ABŞ prezidentlərinin görüşünün nəticəsindən əhəmiyyətli dərəcədə asılı olacaq".

E.Nurməmmədova görə, əsas ticarət tərəfdaşlarımız Türkiyə və Rusiyada baş verən iqtisadi proseslər, xüsusilə məzənnə dəyişikliyi ölkəmiz üçün təsirsiz ötüşmür: "Lirənin və ya rublun kəskin dəyər itirməsi bu ölkələrdən idxalın yüksəlməsi və bu ölkələrə ixracımızın azalması ehtimalını yüksəldir. Hər iki amil tədiyyə balansımıza mənfi təsir göstərdiyinə görə nəticədə korreksiya üçün manatın da dəyərinin itirməsi ehtimalını yüksəldir. Hər nə qədər fundamental olaraq neftin qiyməti indiki səviyyədə qaldığı müddətdə buna ehtiyac olmasa belə, psixoloji təzyiq yaranır. 2015-ci ildə baş verənlər əhali və biznesdə manata olan inamı sarsıdıb. Keçən ilin avqust ayında yaranan bu psixoloji təzyiq nəticəsində dollara olan izafi tələbi Azərbaycan Mərkəzi Bankı neytrallaşdıra bilib. Hesab edirəm ki, indi də qonşu ölkələrdə kəskin dalğalanmalar olmadığı müddətdə Mərkəzi Bank mümkün psixoloji təzyiqin öhdəsindən gələcəkdir”.
 
Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR