"Vergi islahatları ciddi bir dönüşə start verildiyini təsdiq edir" - Fikrət Yusifov

Fikrət Yusifov
İqtisad elmləri doktoru, 
professor

Düzgün vergi siyasəti iqtisadiyyatda uğurun başlıca şərtidir. Son bir ilə yaxın vaxt ərzində ölkədə aparılan vergi islahatları bu sahədəki bütün boşluqların və uyğunsuzluqların aradan qaldırılmasını, vergi ödəyiciləri ilə dövlət arasında sağlam bir mühitin formalaşmasını hədəfləyib. Bu az müddətdə artıq kifayyət qədər çox iş görülüb. Nəticələr isə vergi islahatları sahəsində ciddi bir dönüşə start verildiyini bir daha təsdiq edir. Bu, keyfiyyətə dönüşdür. Bu elə bir dönüşdür ki, ondan həm vergi ödəyiciləri və həm də dövlət məmun qalacaq. Bu islahatlar vergi sistemində bir il bundan öncəyə qədər formalaşmış zorakılıq metodlarından imtina etməklə, vergi ödəyiciləri üçün sağlam rəqabət mühitini yaratmağı hədəfləyib.

Bu gün tam əminliklə demək olar ki, Vergilər Nazirliyinin yeni rəhbərliyi ölkədə vergi münasibətlərinin müasir tələblərə cavab verən bir səviyyədə yenidən qurulması işini uğurla həyata keçirir. Bu işdə ardıcıllıq, sistemli yanaşım və ən başlıcası isə yüksək prinsipiallıq nümayiş etdirilir. Güzəştsiz olaraq dövlətin maraqları prizmasından çıxış edən Vergilər Nazirliyinin yeni rəhbərliyinin bu mövqeyi alqışlanmalıdır. Nazirliyin belə prinsipial mövqeyini ən yüksək səviyyədə dəstəkləyən də məhz Prezident İlham Əliyevdir. Doqquz ayın yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı "Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq” deyən Prezident öz fəaliyyətində dövlətin maraqlarını yüksək prinsipiallıqla qoruyan yeni nazirə bu sahədə ən böyük dəstəkçi olduğunu göstərdi. 

Vergilər nazirliyinin yeni rəhbərliyinin sahənin işində sərgilədiyi bu prinsipiallıq və tələbkarlıq digər qurumlar üçün bir örnəkdir. Hər bir rəhbər öz sahəsində bu şəkildə prinsipiallıq nümayiş etdirsə, islahatlarımızın səmərəsi daha böyük olar. Məhz prinsipiallıq və yüksək tələbkarlıq olan yerdə uğur qazanmaq mümkündür. Vergilər Nazirliyinin yeni rəhbərliyinin öz fəaliyyətində prinsipiallıq və tələbkarlıq prizmasından çıxış etməsi, son doqquz ayda vergilərin daxilolması sahəsində ciddi keyfiyyət dəyişikliklərinə gətirib çıxarıb.

Bu gün ölkədə kölgə iqtisadiyyatına qarşı aparılan mübarizənin də səmərəli nəticələri məhz vergi islahatlarının keyfiyyət dəyişikliklərini hədəfləməsi nəticəsində mümkün ola biləcək. Vergi yükünün çoxluğu vergidən yayınmaya, kölgə iqtisadiyyatına apran bir yol olmaqla, real iqtisadiyyatdan dövlət xəzinəsinə çatacaq vəsaitlərin ciddi itkisi deməkdir. Yaxın günlərdə vergi islahatlarının yeni mərhələsi başlayacaq. İslahatların yeni mərhəlləsində biz kifayət qədər ciddi dəyişiklikləri görə biləcəyik. Vergi islahatları sahəsində götürülən kurs yaxın gələcəkdə ölkədə vergi daxilolmalarının əsaslı şəkildə artmasını təmin edəcək. Mühüm olan isə budur ki, yüksək nəticələr inzibati metodları gücləndirməkdən daha çox, vergi ödəyiciləri ilə dövlət arasında qarşılıqlı inama söykənən sağlam mühitin yaradılması hesabına əldə ediləcəkdir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR