"Vətəndaşlar bankomatlara tam etibar edə bilər" - Elman Rüstəmova cavab (VİDEO)

Ötən həftə Mərkəzi Bank vətəndaşlara və banklara saxta əskinazlarla bağlı xəbərdarlıq edib. Qurumdan bildirilib ki,  bununla bağlı monitorinqlər aparıb və həmin əsginazların kommersiya banklarına məxsus ATM-lərdən çıxdığı aydınlaşıb. Həmçinin bankların bu məsələdə diqqətli olması, yararlı olmayan əsginazları aparıb Mərkəzi Banka təhvil verməsi qeyd olunub.

Qaynarinfo-nun verdiyi xəbərə görə, Mərkəzi Bankın rəsmi açıqlaması, ardınca sədr Elman Rüstəmovun açıqlamaları ciddi suallar doğurdu. Doğurdanmı bank ATM-ləri saxta əsginasları ayırd edə bilmir? Təhlükəsizlik hansı səviyyədə qurulub? Ümumiyyətlə, tez-tez ziddiyyətli açıqlamaları ilə gündəmə gələn cənab Elman Rüstəmovun dedikləri nə qədər etibarlıdır? 

Belə açıqlamaların vətəndaşların banklara, ATM-lərə etibarını zədələdiyini nəzərə alaraq, bank təmsilçiləri və ekspertlərin rəyini öyrəndik

"Bank of Baku"nun piar meneceri Gülşən Cumayeva Qaynarinfo-ya açıqlamasında bildirdi: "Bankımızın nağd vəsaitlərin qəbulu üçün nəzərdə tutulmuş cash-in ödəmə terminallarında saxta pulları müəyyən edən bir neçə mərhələli detektorlar quraşdırılıb. Həmin detektorlar saxta pul əskinazı tanıya bilir və bununla da ödəmə terminalından saxta pulların qəbulu mümkünsüz olur. Kassa bölmələrimizdə isə həm pulsayan maşınlar detektorla çalışır, həm də şübhəli görünən əskinazlar üçün hər bir filialımızda ayrıca detektor aparatı yerləşdirilib. Bütün bunları nəzərə alaraq, yekunda qeyd etmək olar ki, Bank of Baku-da saxta əskinazların qəbulu 100% mümkün deyil, təhlükəsizlik tam təmin olunub".

Bank mütəxəssisi Ramiz İbrahimovun da Real TV-yə mövzu ilə verdiyi açıqlama diqqət çəkir: "Saxta pulu bankomat qəbul etmir. Bankomatların cash hissəsinin həssaslığını artırmışıq deyə saxta pul qəbul etmir. Amma cırılmış, ödəməyə yararsız pulları qəbul etməyə bilər. Bunu da aktlaşdırırıq, ekspertiza edirik və Mərkəzi Banka göndəririk. Bu pulun dövriyyəyə yararlı və yararsız olduğu aşkarlandıqdan sonra Mərkəzi Bank tərəfindən dövriyyədən çıxarılır. Amma bankomat tərəfindən müştərilərə yararsız və saxta pul verilə bilməz. Bankomat kaserlərinə doldurduğumuz vəsait çeşidlərin həssaslığı yüksək olan avadanlıqlar tərəfindən sayılır və bankomata doldurulur. Belə olan halda isə saxta pulun bankomata qoyulması və ya müştərilərə verilməsi ehtimalı sıfıra bərabərdir". 

Ramiz İbrahimov saxta pul daxil edən şəxslərin kameralar vasitəsi ilə çəkildiyini və bu addımın təhlükəli olduğunu bildirib: 

"Bizim bütün bankomatlarımızda kamera var. Mərkəzi Təhlükəsizlik İdarəsinə bankomat açıldığında hansısa kənar şəxs tərəfindən müdaxilə olunduğu ilə bağlı məlumat gedir. Üstəgəl də 24 saat ərzində kameralar çəkir. Kimin yaxınlaşdığı, hansı əməliyyatı apardığı qeydiyyata alınır. Bir də saxta pulu və ya ödəməyə yararsız pulları bankomata daxil edən şəxs, hansı karta mədaxil olunması araşdırma nəticəsində müəyyən edilə bilir.  Bu, Təhlükəsizlik idarəsi tərəfindən müəyyən olunduqdan sonra aiddiyatı qurumlara təhvil verilir, araşdırma aparılır və həmin şəxsi müəyyən edib tapmaq mümkündür". 

Son olaraq mütəxəssis vətəndaşlara arxayın şəkildə bankomatlardan istifadə etməyi tövsiyyə edib: "Müasir dövrdə avadanlıqlarımız yüksək səviyyədədir. Həm pul çeşidləyən maşınlarımız, həm işçilərimizin bilik və bacarığı... Heç kim risk edib saxta pulu bankomata qoya bilməz. Əhalimiz arxayın şəkildə bankomatdan normal şəkildə pulunu çıxarıb istifadə edə bilər. Həmçinin nəğd pul çıxarmasalar da, bütün ödənişlərini, əməliyyatlarını həyata keçirlə bilərlər". 
 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR