Yanğın təhlükəsizliyi 30 manat, balıq ovu 2000 manat - Qəribə cərimələr...

Yanğın təhlükəsizliyi 30 manat, balıq ovu 2000 manat - Qəribə cərimələr...

"Çox qəribə qanunlarımız var : yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə 20 manatdan 30 manatadək, balıq ovlamaq qaydasını pozmağa görə isə 2.000 manatadək cərimə”.

Bunu vəkil Asif Abdullayev "Diqlas” Ticarət Mərkəzindəki yanğına diqqət çəkərək bildirib.

A.Abdullayev yanğın təhlükəsizliyi qaydalarının və tələblərinin pozulmasının acı nəticəsinin "Diqlas” Ticarət Mərkəzinin yanması zamanı aydın göründüyünü bildirib:

"Yanğın təhlükəsizliyi qaydalarının pozulmasının necə ciddi fəsadlara səbəb olduğunu artıq hamımız bilirik”.

Vəkil iki inzibati xətanı müqayisə edərək, qanunun insana və balığa olan münasibətindəki fərqə diqqət çəkib:

Eləcə də bax: "Biri deyir mənim "1 milyonluq”, biri deyir "500 minlik” malım var idi. Halal olun"

"İnzibati Xətalar məcəlləsinin 518.1-ci maddəsinə görə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 20 manatdan 30 manatadək məbləğdə cərimə edilir. Vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manatdan 150 manatadək məbləğdə cərimə edilirlər. Bu cərimələr yalnız fiziki şəxslərə və vəzifəli şəxslərə aiddir.

Eyni məcəllənin 272-ci maddəsində isə balıq ovlamaq qaydalarının pozulması üçün cərimə nəzərdə tutulub - 1000 manatdan 2000 min manatadək. Bəli, balıqların təhlükəsizliyinə qəsd etmək 2000 manat cəriməyə səbəb olur”.

Hüquqşünas bunun qəribə yanaşma olduğunu vurğulayıb:

"Balıqların mühafizəsi qaydasının pozulması, yanğın təhlükəsizliyi qaydalarının pozulmasından daha ciddi qanun pozuntusu hesab edilir. Deputatlar hesab edirlər ki, yüzlərlə insanın əmlakına ziyan vura biləcək yanğın təhlükəsizliyi qaydalarının pozulması, balıq tutmaq qaydalarının pozulması qədər ciddi məsələ deyil.

Fiziki şəxslərin yanğın təhlükəsizliyi qaydalarını pozmağına görə cərimə 30 manatadək olduğu halda, gəlin digər əməllərə görə cərimələrə nəzər salaq:

Fahişəliklə məşğul olmağa görə - 100 manat;

Sərxoş halda iti küçədə gəzdirməyə görə - 200 manat;

Mineral gübrələrin daşınması və istifadə qaydalarını pozmağa görə - 500-700 manat;

Məişət tullantısını tullantı qabına atmamağa görə - 50 manat;

Baytarlıq qaydalarını pozmağa görə - 200-300 manat.

Göründüyü kimi, yanğın təhlükəsizliyinin pozulmasına görə fiziki şəxslər üçün nəzərdə tutulan cərimə, sadalanan bu cərimələrdən xeyli azdır”.

A.Abdullayevin sözlərinə görə, təbiəti, flora və faunanı qorumaq hər birimizin borcudur:

"Amma qanunvericilik insanların hüquqları da lazımi səviyyədə mühafizə etməlidir. Təbii ki, cərimənin artırılması nöqsanların aradan qaldırılması üçün əsas şərt deyil. Əsas şərt qanunun aliliyinin təmin edilməsidir.

Qeyd - yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində zərərçəkənin sağlamlığına az ağır və yaxud ağır xəsarət yetirilsə, bu əməl cinayət sayılır və başqa qanunun təsiri altına düşür”. //Modern.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR