Yarım il ərzində 150 milyon manat - dövlətin itkisi, yoxsa qazancı? (RƏYLƏR)

Yarım il ərzində 150 milyon manat - dövlətin itkisi, yoxsa qazancı? (RƏYLƏR)

"Vergi Məcəlləsinə müvafiq dəyişiklik edilərkən bir neçə əsas istiqamətlər üzrə nəticələrin əldə edilməsi nəzərdə tutulmuşdu. Bunlardan biri də son nəticədə azadetmənin vətəndaşın sosial rifahına təsirini artırmaq və eyni zamanda vergi yükünü azaltmaqdırsa, ikincisi, əmək bazarında gizli fəaliyyətin və eyni zamanda fərdi sahibkarlıq subyektlərinin gizli fəaliyyətinin rəsmiləşdirilməsi istiqamətində təşəbbüslərin dəstəklənməsidir".

Bunu "Report"a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) eksperti Rəşad Həsənov deyib. 

Azərbaycan şərtləri üçün böyük göstərici

Onun sözlərinə görə, burada əsas məsələ vergi yükünün azaldılması yolu ilə əmək fəaliyyətinin leqallığının təmin olunmasıdır: "Çünki paralel olaraq Azərbaycanda məşğulluq strategiyasının tətbiqinə başlanılıb və eyni zamanda "Strateji Yol Xəritəsi”nin özünün hədəfləri var, əmək bazarında, eyni zamanda biznesdə illiqal fəaliyyətlərin miqyasının geniş olması bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsinə bir çağırış formalaşdırır”.

Mütəxəssis deyir ki, dünya praktikası göstərir ki, heç bir halda inzibati yollarla bu kimi təşəbbüslərin qarşısını tam almaq mümkün olmur: "Burada paralel olaraq təşviq mexanizmləri də istifadə olunmalıdır. Bu təşviq mexanizmlərindən biri də qeyd etdiyimiz gəlir vergisinə 8 min manata qədər vətəndaşların gəlir vergisindən azad edilməsi məsələsidir. Həmçinin bilirik ki, əmək bazarında xidməti müqavilələr bağlanarkən bir sıra hallarda iki istiqamətli qeyri-qanuni davranışlar müşahidə olunur. Bunlardan birincisi əgər birbaşa olaraq, ümumiyytlə, münasibətlərin qanuniləşdirilməməsidirsə, qeyri-rəsmi formada həyata keçirilməsidirsə, ikincisi, müəyyən qədər güzəştlərdən istifadə etmək məqsədi ilə sahibkarlıq subyektlərinin mövcud dövriyyənin bir qismini gizlətməsidir. Yaxud da əksər hallarda əsas hissəsini gizlətməsi məsələsidir”.

R.Həsənov bildirib ki, bir sıra sektorlar vardı ki, bu sektorlarda fəaliyyət göstərən subyektlər daha çox yüksək xidmət haqqı ilə fəaliyyət göstərirdilər: "Onlara bu güzəştlərin verilməsi öz fəaliyyətlərini qanuniləşdirilməsi üçün daha əlverişli mühit formalaşdırıb. Bu ilin birinci yarısında, təxminən, 150 milyon manata qədər vətəndaşlarda yığım imkanı yaranıb. Yəni vətəndaşların daha çox gəlir əldə etmək imkanı yaranıb”.

O qeyd edib ki, Azərbaycan şərtləri daxilində 150 milyon manat kifayət qədər böyük göstəricidir: "Vətəndaşların sərəncamında qalmış 150 milyon manat il ərzində ünvanlı dövlət sosial yardımı proqramının həyata keçirilməsi üçün ayrılan vəsaitə bərabərdir. Yaxud da özünəməşğulluq proqramına ayrılan vəsaitdən 3 dəfə çox vəsaitdir. Bu, vətəndaşların rifahına da öz müsbət təsirini göstərir”.

Vergidən azadolmalar da ömür boyu olmur...

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən təsərrüfat subyektlərində (özəl sektorlarda) çalışan insanların 8 min manatadək əməkhaqqının gəlir vergisindən azad olmasına münasibət bildirən Bakı Hesabat Mərkəzinin direktoru, vergi sahəsi üzrə ekspert Mehdi Babayev isə "Report”a açıqlamasında deyib ki, istənilən halda, qanunvericilikdə nəzərdə tutulan azadolmalar və güzəştlər konkret məqsəd daşıyır.

Onun sözlərinə görə, bu azadolmalar da ömür boyu olmur: "Azadolmalar müəyyən stimullaşdırıcı addımdır və məqsədə çatmaq üçün tətbiq olunan metodlardır. Hazırda müəyyənləşdirilmiş meyarlarla neft-qaz sahəsində fəaliyyəti olan və dövlət müəssisə və təşkilatlarında işləyən işçilərin əməkhaqqılarından gəlir vrgisinin tutulmasında ciddi dəyişikliklər yoxdur, yəni ciddi azadolma yoxdur, demək olar ki, əvvəlki qaydada vergilərə cəlb olunurlar. Lakin neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilməsini nəzərdə tutan meyarlara cavab verən təsərrüfat subyektlərinin işəgötürənləri işçilərin 8 min manata qədər əməkhaqqını gəlir vergisinə cəlb etmir. Bu azadolmanın məqsədi daha çox özəl sektorda yayınmanın olması nəzəriyyəsi ilə özəl sektorda gizlədilmiş əməkhaqqılarının rəsmiləşdirilməsinə nail olmaqdır. İlk şərt budur”.

M.Babayev deyir ki, əlbəttə, əməkhaqqıları artırılanda sosial sığorta yığımları da artır: "Vətəndaşların gələcək sosial rifahını maliyyələşdirən tədiyyə məcburi sosial sığorta tədiyyələridir. İnsanlar pensiyaya çıxarkən onların maliyyələşdirilməsində ən çox sosial sığorta yığımı mənbələrindən istifadə edirlər. Gəlir vergisi, adətən, bu rifaha yönələn bir yığm deyil. Gələcəkdə işçilərin qocalıq, əlillik və sosial sahədəki müavinətləri məcburi sosial sığorta yığımlarından qaynaqlanacaq. Düşünürəm ki, bu səbəbdən də gəlir vergisi sosial rifah üçün ciddi bir maliyyə mənbəyi olacağını hesab etmirəm. Əməkhaqqılarından tutulan gəlir vergisinin bütün vergilər içərisində xüsusi çəkisi də çox deyil. Muzdla işləyən işçilərin gəlir vergisinin həddi hazırkı şəraitdə dövlət büdcəsinin formalaşması üçün bir o qədər də sıxıcı deyil. Təbii ki, burada əsas məqsəd əməkhaqqılarının artırılmasıdır. Müəyyən qədər əməkhaqqıları artırıldıqdan sonra, çox güman ki, o meyarlara və azadolmalara yenidən baxılacaq. Ola bilər ki, bu, yenə də tətbiq oluna bilər”.

Ekspertin fikrincə burada digər faktorlar da mövcuddur: "İşə götürülənlərin böyük əksəriyyəti dövlət sektorunda çalışırlar. Onların çoxu neft-qaz sektorunda, büdcə təşkilatlarında çalışanlardır. Yəni işə götürülənlərin sayı əmək müqavilələri çərçivəsində daha çox bu sahələrdədir. Bu isə o deməkdir ki, ümumiyyətlə, işçilərin böyük əksəriyyəti gəlir vergisinə cəlb olunur. Hazırda böyük əksəriyyət neft-qaz sahəsində və dövlət sektorunda çalışırlar. Özəl sektorda çalışanların sayı bir o qədər çox deyil. Yəni 8 min manata qədər əməkhaqqının gəlir vergisindən azad olunması ilə əldən çıxmış vergilər nəticəsində dövlət büdcəsi əhəmiyyətli itkilərlə üzləşməyəcək və yaxud da onun büdcəyə maliyyə təsiri azdır və düşünürəm ki, məcəllədə edilən dəyişiklik olduqca düzgün dəyişiklikdir. Özəl sektorda çalışanların sayı daha çox olsaydı belə, vergidən azadolmanın müəyyən qədər dövlət büdcəsinə maliyyə təsiri ola bilərdi. Burada məqsəd, sadəcə, əməkhaqqının "ağardılması"dır, əməkhaqqı məbləğlərinin real göstəricilərini bərpa etməkdir. Bir sözlə yarım il ərzində 150 milyon manat əslində dövlətin itkisi yox, qazancıdır".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR