Yeni subsidiyalaşma qaydaları aqrar sahədə nəyi və necə dəyişəcək?

Yeni subsidiyalaşma qaydaları aqrar sahədə nəyi və necə dəyişəcək?

Kənd təsərrüfatı məhsulları istehsalının dövlət tərəfindən subsidiyalaşdırılması mexanizmi dəyişdirilir. Ekonews xəbər verir ki, yeni mexanizm Prezident İlham Əliyev tərəfindən iyunun 27-də təsdiqlənən "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda əksini tapıb. 

Qaydaların təsdiqinə dair prezident fərmanına əsasən, Kənd Təsərrüfatı Nazirliyi "Subsidiya” informasiya sisteminin yaradılmasını və yeni qaydalarla subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin etməli, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla "Subsidiya” informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməli, kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentlərini beş ay müddətində təsdiq etməlidir.

Sənədə görə, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilib. 

Aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları kənd təsərrüfatı nazirinin rəhbərliyi ilə yeni yaradılacaq Şura qəbul edəcək. Şura hər il yanvarın 15-dək əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin, məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının, toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısını və onlara tətbiq edilən əmsalları və kvotaları təsdiq etməli və ictimaiyyətə bu barədə məlumat verməlidir.

Yeni qaydalara əsasən, subsidiyaların verilməsini Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirəcək.

Subsidiya almaq üçün aqrar istehsalçılar mütləq "Subsidiya” İnformasiya Sistemində (SİS) qeydiyyatdan keçməlidilər. Bunu etməyənlərə subsidiya verilməyəcək. 

Fermerlər əkinə görə aldıqları subsidiyanın hamısını kartdan çıxarıb nağd xərcləyə bilməyəcəklər. Onlar subsidiya məbləğinin 25 faizindən nağdlaşdıraraq, 75 faizindən isə Qaydalarda müəyyənləşdirilən formada istehsalın təşkili məqsədilə qeyri-nağd qaydada istifadə edə biləcəklər.

Heyvan subsidiyası hər bir sağlam buzova görə 100 (yüz) manat məbləğində müəyyən edilir. Arıçılara isə indi olduğu kimi, hər arı ailəsinə görə 10 (on) manat veriləcək və bu, 2023-cü ilədək davam edəcək.

Barama subsidiyası da dəyişməyərək, istehsal edilib tədarükçüyə təhvil verilən yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 (beş) manat olacaq.
Yeni qaydalar ekspertlər tərəfindən birmənalı qarşılanmır. Məsələn, yaşayış məntəqələri ərazisindəki əkinlərə görə subsidiyanın ödənilməməsi, elektron qeydiyyat tələbi, reqlament  tətbiqi və s. bu kimi dəyişikliklər tərəddüdlə qarşılanıb. 

Nicat Nəsirli: "Bu çox uğurlu addımdır və öz müsbət effektini verəcək”

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirlinin fikrincə, dəyişiklik aqrar sahədə mövcud olan bir sıra problemlərin aradan qalxmasına gətirib çıxaracaq: "Son illər əhali harada gəldi əkinlə məşğul olur, hətta təyinatı əlin olmayan sahələrdə, meşə ərazilərində, fond torpaqlarında, biçənəklərdə, qorunan torpaqlarda əkin aparılır. Bu isə ciddi ekoloji problemə səbəb olur. Çünki hər il təbii resursların əkilməsi nəticəsində torpaq sıradan çıxır. Yeni qaydalarda konkret olaraq qeyd edilir ki, əkin təyinatı olmayan torpaqlardakı əkinə subsidiya təyin olunmayacaq”. 

Elektronlaşma haqda danışan ekspert bildirdi ki, indiyədək insanlar subsidiyaya şəxsi məqsədlərlə baxırdı, ona görə də bu məhdudiyyətin qoyulması zərurətdən irəli gəlib: "75 faizə elektron sistemdə nəzarət ediləcək, bilinəcək ki, fermer bu vəsaiti təsərrüfata yönəltdi. Yəni nəzarət mexanizmi olacaq”. 

N.Nəsirlinin sözlərinə görə, bütün istehsalçıların elektron sistemdə qeydiyyatdan keçməsi problem yaratmayacaq, çünki indiyədək subsidiyalaşmaya cəlb olunan istehsalçıların sayı 300 mini keçib: "Cəmi istehsalçıların sayı 400 mindir. İlin sonuna qədər də 6 ay vaxt var və hamının sistemə qeydiyyata alınması mümkündür”.

Reqlamentlərin hazırlanması ilə bağlı təkliflərə gəlincə, ekspert bildirdi ki, bu məsələ hələlik açıqdır: "Şura yaradılmalıdır, həmin şura əmsalları müəyyən edəcək, bu hələlik aydın deyil. Differensial yanaşma olacaq, tutaq ki, ölkənin qarabaşağa ehtiyacı var, amma qarabaşaq əkini yoxdur, yəqin ki, bu sahəyə subsidiya bir qədər daha yüksək müəyyən olunacaq ki, istehsalçılar ona meyllənsin. Sözün açığı, mövcud vəziyyətdə idarəetməni təşkil etmək olmur, hamı sərbəstdir, kim nə istəyir əkir. Hazırda əkinlərin böyük əksəriyyətinin bazar əhəmiyyəti yoxdur, çoxusu məşğuliyyət olaraq əkir, digərlərinin marketinq strategiyası yoxdur. Ölkənin ərzaq təhlükəsizliyini təmin edə bilmirik, çünki kim nə istəyir onu əkir. Amma məhz bu məhdudiyyətin qoyulması bundan sonra müdaxilələrə imkan verəcək. Ölkənin ərzaq təhlükəsizliyində lazım olan bitkilərin əkini inzibati qaydada həyata keçiriləcək və subsidiyalaşma o istiqamətə cəlb olunacaq. Məncə, bu çox uğurlu addımdır və öz müsbət effektini verəcək. Mən sizə deyim ki, biz bu gün 11 bitki üzrə idxaldan yüz faiz asılıyıq, ötən əsrin 60-cı illərindən sonra bu bitkilər bizim əkin strukturlarından çıxıb və bərpası çox vacibdir. Qarabaşaqdır, darıdır, mərcidir, paxlalı bitkilərin bəzi növləri var ki, bunları biz əkmirik, amma istehlak edirik. İqlim şəraitimiz də imkan verirsə bunlar niyə əkilməsin? Bunları əkən istehsalçılar həm subsidiyasını alar, həm də məhsulunu satıb yaxşı pul qazana bilər. Halbuki bu gün hamı taxıl əkir, hamı da eyni vəziyyətdədir”.

Vahid Məhərrəmov: "Elə bir məhsul yoxdur ki, istehsalında məhsuldarlıq aşağı düşməsin”

Kənd təsərrüfatı məsələləri üzrə digər ekspert Vahid Məhərrəmov isə hesab edir ki, subsidiyalaşma mexanizmi sadələşdirilmək əvəzinə, daha da sərtləşdirilib: "Təəssüflər olsun ki, bu gün aqrar sahəni elə vəziyyətdədir ki, problemlər subsidiyalaşma mexanizminin dəyişdirilməsi ilə aradan qalxan deyil. Uzun müddət bu sahəyə fikir verilmədi, torpaqların münbitliyinin bərpası istiqamətində hər hansı addım atılmadı. Mən bütün məhsullar üzrə araşdırma aparmışam və elə bir məhsul yoxdur ki, istehsalında məhsuldarlıq aşağı düşməsin. Taxılçılıqda, kartofçuluqda, meyvə-tərəvəzçilikdə. Subsidiyalaşma mexanizminin dəyişməsi düşünmürəm ki, məhsuldarlığı artıracaq, məhsulun keyfiyyətini yaxşılaşdıracaq. Bu dəyişikliyin kimə faydası var? Deyim ki, birmənalı olaraq kiçik sahibkarlar tamamən sıradan çıxacaq. Məqsəd kiçik sahibkarları kooperasiyalarda birləşməyə məcbur etməkdir. Bizdə olan məlumata görə, istehsal vasitələrindən istifadə üçün də məhdudiyyətlər nəzərdə tutulur. Subsidiyalaşma tamam sadələşdirilməli idi. Biz bu istiqamətdə təklifləri hökumətə vermişdik. Orada nəzərdə tutulurdu ki, subsidiya yalnız əmtəəlik məhsula görə verilsin. Məsələn, kimsə buğda istehsal etdi, həmin buğdanı təhvil verir üyütmə müəssisəsinə, müəssisə isə buğdanın keyfiyyətini göstərir: kim hansı keyfiyyətdə və nə qədər buğda verdi. Keyfiyyətə və kəmiyyətə görə də subsidiya verilir. Olduqca sadə bir mexanizmdir. Yeni qaydalar özü üçün məhsul istehsal edən istehsalçıları da sıradan çıxarır. Orada həmçinin minimum 50 hektar nəzərdə tutulub. Elə bir kəndli, fermer tanıyırsınızmı ki, onun 50 hektar sahəsi olsun? Olanlar da müəyyən dairələrə, məmurlara bağlı adamlardır. Ona görə də biz düşünürük ki, bu qaydalar yalnız oliqarxlara xidmət edəcək. Hansı ki, böyük əraziləri idarə edirlər. Kiçik sahibkarları sıradan çıxarmaqla onların torpağını ələ keçirmək məqsədi güdürlər. Bunun nəticəsini görəcəyik”.

V.Əhmədovun sözlərinə görə, elektron sistemin çətinləşdirilməsi də məhz bu amala qulluq edir. Ekspert qeyd edir ki, son illər ciddi tənqidlərdən sonra prezident İlham Əliyev də subsidiyaların mənimsənilməsi ilə bağlı sərt çıxış etdi və ondan sonra böyük sahələrdə əkin aparan məmurlar bu məsələdə bir qədər yığışdılar: "İş burasındadır ki, məmurlar torpaqları ələ keçirirlər və indi subsidiyanı qanuni yolla alacaqlar. Son 3-4 il ərzində təxminən 200 min hektardan çox örüş sahəsini, 300-400 min hektar da dövlət torpaqlarını, kəndlilərin pay torpaqlarını ələ keçiriblər. Bunun özü mövcud mənzərəni təsəvvür etməyə imkan verir”.



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR