Cari ilin birinci yarısında Azərbaycanda mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox və ya 187,7 mln. manat olub.
EkoNews Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, onun da 66,1%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,7%-i müalicə və sağlamlıq xidmətlərindən, 6,4%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2019-cu ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,6% (2018-ci ilin birinci yarısında 20,8%) təşkil edib. Bu göstərici Şabranda 48,6%, Naftalanda 47,9%, Bakıda 32,9%, Beyləqanda 30,9%, Qəbələdə 28,2%, Qubada 24,5%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (31,7%) iyun ayında qeydə alınıb.