Əhalinin siyahıyaalınmasında niyə problemlər yaranıb? (AÇIQLAMA)

Əhalinin siyahıyaalınmasında niyə problemlər yaranıb? (AÇIQLAMA)

"Siyahıyaalınmada iştirak etməyən şəxslər üçün "Evdə çətin tapılan şəxslərə məktub” adlı sənəd tərtib edilir və ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilir”.

EkoNews xəbər verir ki, bu sözləri Qaynarinfo-ya siyahıya alınmamış şəxslər haqqında danışarkən Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev deyib. 
 Onun sözlərinə görə, bu gün yekunlaşacaq siyahıyaalınmada vətəndaşlar fəal iştirak edir: "Bildiyiniz kimi, 2019-cu ilin 1-10 oktyabr tarixlərində ölkəmizdə əhalinin növbəti siyahıyaalınması keçirilir və sevindirici haldır ki, ölkə əhalisi siyahıyaalınma prosesində fəal iştirak edir. Buna baxmayaraq, dünya təcrübəsində rast gəlindiyi kimi, ölkəmizdə də bir sıra hallarda siyahıyaalınmanı bilavasitə həyata keçirən sayıcıların vətəndaşların ünvanlarına getməsinə baxmayaraq, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilmirlər. Belə olan halda siyahıyaalınmanın aparılması qaydalarına uyğun olaraq, əvvəlcədən müəyyənləşdirildiyi kimi, sayıcılar tərəfindən həmin şəxslər üçün "Evdə çətin tapılan şəxslərə məktub” adlı sənəd tərtib edilir və ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilir. Həmin məktubda ünvanda sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi və sayıcı ilə əlaqə saxlanılıb bu barədə məlumat verilməsi xahiş edilir. Bundan başqa, bəzi hallarda vətəndaşlar tərəfindən sayıcıya öz vəzifəsini icra etmək üçün lazımi şərait yaradılmır, evdə olmalarına baxmayaraq, qapı açılmır. Yuxarıda qeyd olunan belə hallarda sayıcı tərəfindən həmin vətəndaşlara təkrar müraciət olunur. Eyni zamanda məlumatların keyfiyyətini təmin etmək üçün siyahiyaalınmadan sonrakı dövrdə, yəni oktyabrın 11-15-i tarixlərində təlimatçı-nəzarətçi və sayıcılar tərəfindən nəzarət gəzişləri həyata keçiriləcək, seçmə qaydada sayıcının işinin keyfiyyətinin yoxlanılması ilə yanaşı, evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkiləcək”.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 7-də imzaladığı  "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” fərmana əsasən, Azərbaycanda əhalinin növbəti siyahıyaalınması bu ilin oktyabrın 1-10 tarixlərində keçirilir. Ancaq sosial şəbəkələrin birində keçirdiyimiz sorğunun nəticəsinə görə, bir çox şəxsin bu siyahıyaalmadan ya xəbəri olmayıb, ya da onları qeydiyyata almaq üçün həmin şəxslərə heç kim müraciət etməyib. 

Qeyd edək ki, bu gün siyahıyaalmanın sonuncu günüdür.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR