Ekspert:

Ekspert: "Enerji şirkətlərinin xərclərinin azaltması labüddür"

Neftə qlobal tələbatın azalması bazarda onun kəskin ucuzlaşmasına səbəb oldu. Martın 6-da "OPEC+" sazişi üzrə razılığın əldə olunmaması, aprel ayının əvvəlindən sazişin qüvvədən düşməsinin ardınca yeni bazarlar uğrunda mübarizənin kəskinləşməsi, neft ixrac edən dövlətlər tərəfindən neft bazarına davamlı intervensiya və dempinq siyasəti, eyni zamanda koronavirus səbəbindən karantin rejiminin tətbiqi, iqtisadi fəallığın azalması bazarlarda tələbatdan artıq neft həcmlərinin formalaşmasına səbəb oldu. Nəticədə, neft bazarları ciddi problemlə üzləşməyə başladı.

APA-nın məlumatına görə, aprel ayı neft bazarları üçün ən çətin ay oldu. Bazarlardakı artıq həcmlər səbəbindən qiymət ən aşağı səviyyəyə düşdü. Aprelin 21-də "Brent” markalı neftin fyuçers qiymətləri 19,33 dollar/barelə qədər azaldı. Aprelin 20-də ABŞ-ın WTI  markalı neftinin qiyməti mənfiyə düşdü. Ölkənin Oklohoma ştatında yerləşən həm daxili, həm də xarici bazara neft ötürülən anbarların dolması ilə bağlı xəbərlərdən sonra neft bazarı tarixində  görünməmiş hadisə baş verdi: qiymətlər -40 dollara qədər azaldı, yəni satıcılar alıcılara hər barel neftə görə pul ödədilər.

Aprel ayının 27-dən sonra isə qiymətlərdə, artım tempi müşahidə olunmaqdadır. Bu isə  koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin rejiminin bir çox ölkələrdə yumşaldılması və neft anbarları üzərindəki yükün azaldılması, eyni zamanda "OPEC+" formatında mayın ayının 1-dən yeni sazişin qüvvəyə minməsi ilə əlaqədardır. Neftin qiymətində nisbətən artım qeydə alınsa da, koronavirus səbəbindən səyahət imkanlarının məhdudlaşdırılması, biznes və iqtisadi fəallığın zəifləməsi hələ də qiymətləri təhdid altına alır. Neftin kəskin ucuzlaşması qlobal neft şirkətlərinin də gəlirlərinə mənfi təsir göstərir. ABŞ-ın nəhəng enerji şirkəti "ExxonMobil”  son 32 ildə ilk dəfə I rübü zərərlə (610 mln. dollar) başa vurub. BP şirkətinin isə I rübdə zərəri 4,365 mlrd. ABŞ dolları təşkil edib. I rübdə  Səudiyyə Ərəbistanın "Saudi Aramco” şirkətinin xalis mənfəəti 1,3 dəfə, Fransanın "Total” şirkətinin isə 35% azalıb.

Artıq bir çox şirkətlər xərcləri azaldacağını və işçilərini ixtisar edəcəyini elan edib. Belə ki,  "ExxonMobil” və "Royal Dutch Shell” xərclərini 50 mlrd. ABŞ dollarına yaxın, "Chevron” 4 mlrd. ABŞ dolları, BP  25% azaldacağını bildirib.

Nüfuzlu konsaltinq şirkəti olan "Rystad Energy”nin proqnozuna əsasən, neft sektorunda çalışanların 21%-i və ya milyondan çox işçi ixtisar olunacaq.

Bəs neft bazarındakı bu proseslər uzun müddət davam edəcəkmi? İxtisarların olması labüddürmü?

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert  Elşad Məmmədov neftin qiymətlərindəki kəskin azalma prosesinin  dayanıqlı olduğunu və bu prosesin yalnız koronavirusla bağlı olmadığını bildirib.

Professor qeyd edib ki, bu prosesin dayanıqlığı ilk növbədə dünya iqtisadiyyatındakı çox dərin keyfiyyət dəyişiklikləri ilə bağlıdır: "Enerjiqoruyucu texnologiyaların tətbiqi, alternativ enerjidən istifadə və dünya iqtisadiyyatında enerji daşıyıcılarına tələbatın ümumilikdə azaldılması, dünya iqtisadiyyatında yeni texnoloji quruluşun formalaşdırılması, böhran məzmunlu proseslər hamısı dayanıqlı şəkildə neftə olan tələbi azaltmağa şərait yaradır”.

Onun proqnozuna görə, yaxın və ortamüddətli, hətta daha uzunmüddətli perspektivdə çox yüksək neft qiymətlərinin şahidi olmayacağıq. "Belə olan halda şübhəsiz ki,  enerji şirkətləri öz xərclərinə yenidən baxmalı, xərclərinin optimallaşdırılmasına, azaldılmasına doğru istiqamətlənməlidirlər. Bu, labüddür.  Hesab edirəm ki, bunun alternativi görünmür”, - deyə E. Məmmədov vurğulayıb.

Azərbaycana, xüsusilə də SOCAR-a gəlincə isə ekspert qeyd edib ki, burada iqtisadi, sosial və siyasi amillər nəzərə alınır:  "SOCAR  dövlət müəssisəsidir və Azərbaycan iqtisadiyyatı üçün strateji sistem formalaşdıran qurumdur. Burada sırf iqtisadi  məsələlərlə yanaşı, həm də sosial və siyasi amillər də var.  Şübhəsiz ki, hazırkı mürəkkəb iqtisadi şəraitdə  işçilərin ixtisarı yalnız iqtisadi amillərlə əlaqələndirilməməlidir. Ona görə də burada sosial amil prioritetini qorumalıdır. İş yerlərinin qorunması mümkün olmadıqda işçilərin yenidən təhsilartırma kursları və digər vasitələrlə bir daha əmək bazarından uzaqlaşdırılmamasına doğru işlər görülməlidir”.

Professor qeyd edib ki, burada dövlətin və SOCAR-ın üzərinə böyük sosial missiya düşür: "Düzdür, optimallaşdırma şəraitində ixtisarlar qaçılmazdır. İxtisarları müxtəlif formalarda etmək olar, amma mənfəət, gəlir azalırsa, sözsüz ki, ixtisarlardan tam şəkildə yan keçmək mümkün olmayacaq. Burada ən mühüm məqamlardan biri digər istiqamətlərdə, o cümlədən alternativ enerji, enerjiqoruyucu texnologiyalarla bağlı yeni iş yerlərinin açılması olmalıdır. Bunlar vasitəsilə prosesin sosial nöqteyi-nəzərdən mənfi nəticələrinin, fəsadlarının qarşısı alına bilər”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR