Ekspert:

Ekspert: "SOCAR-ın işçilərinin sayının azaldılması xərclərini azaltmağa təsir edər"

Koronovirus pandemiyası səbəbindən karantin rejiminin tətbiq olunması dünyada iqtisadi aktivliyin zəifləməsinə, qlobal olaraq neft təklifinin çox tələbatın isə aşağı olması dünya bazarında enerjinin qiymətinin kəskin azalmasına səbəb oldu. Nəticədə yanvarın əvvəlində bir barelinin qiyməti 68 ABŞ dollarından yuxarı olan "Brent” markalı neft aprelin 21-də 19,33 dollara qədər ucuzlaşıb. Hazırda isə bu markalı neftin fyuçers qiymətləri 30 dollar ətrafında ticarət olunur.

Trend-in məlumatına görə, WTI markalı ABŞ neftinin bir barelinin qiyməti isə yanvarın əvvəlindəki 63 dollardan aprelin 20-də tarixi rekorda imza ataraq mənfi 37 dollara düşdü. Hazırda bu markalı neftin bir bareli 28 dollar civarında satılır.

Neftin qiymətinin kəskin azalması enerji şirkətlərini də çətin sınaqlar qarşısında qoyur. 2015-ci ildə neftin kəskin ucuzlaşması nəticəsində bir çox enerji şirkətləri xərclərini kəskin azaltmış, optimallaşdırma həyata keçirmişdi. Artıq bu gün də nəhəng enerji şirkətləri xərclərini kəskin azaldacaqlarını, işçilərini ixtisar edəcəklərini elan ediblər.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, beynəlxalq agentliklər cari il üçün neft-qaz sektorunda kapital xərclərinin 335-350 milyard ABŞ dolları dəyərində azaldılmasını proqnoz edirlər:

"Əlbəttə, kapital xərclərinin azaldılması iş yerlərinin azaldılması deməkdir. Bu isə sadəcə işçiləri işdən çıxarmaq demək deyil. Bu, nəzərdə tutulmuş layihələrin ləğv olunması və yaxud da sonrakı dövrə qədər təxirə salınmasıdır. Yəni əvvəlcədən nəzərdən tutulmuş layihələrə işçilərin artıq cəlb edilməməsidir. Bunun üçün də dünya üzrə bu sektorda cari ilin sonuna və ya gələn ilin əvvəlinə qədər 1 milyona yaxın işçinin işlərini itirməsi proqnoz edilir”.

Ekspert bildirib ki, SOCAR-a gəldikdə isə əgər başqa şirkətlərdə ümumi xərcləmələrin 3-5 faizi əmək haqqı fondunun payına düşürsə, SOCAR-ın işçilərinin həddən çox, buna adekvat olaraq isə hasilatının çox kiçik olmasını nəzərə alsaq, əmək haqqı fondu başqa şirkətlərlə müqayisədə beş dəfə çoxdur: "Buna görə də SOCAR üçün məhz qiymətlərin aşağı düşməsi fonunda işçilərin sayının azaldılması onun xərcləmələrinin azalmasına təsir edən ən böyük amillərdən biridir”.

Ekspert xatırladıb ki, SOCAR xərclərin optimallaşdırılması ilə bağı işlərini görür və mayın əvvəlində yaydığı məlumatda işçilərin sərbəstləşdirilməsi ilə bağlı anons edib:

"Həmin məlumatda qeyd edilib ki, hasilatın azalması, neft qiymətlərinin kəskin ucuzlaşması, iqtisadiyyatın templərinin aşağı düşməsi və neftə olan tələbatın azalması fonunda SOCAR da özünün xərclərinin azaldılması yönümündə addımlar atmalıdır. Yəni sadə dildə desək, SOCAR işçilərinin sayını azaltmaq fikrindədir. Bu, bütün neft şirkətlərində, hasilatçı, o cümlədən servis şirkətlərində 2020-ci ilin ikinci rübündən başlayıb”.

Ekspert SOCAR-ın 4 Neft-qazçıxarma İdarəsi (NQÇİ) üzrə hasilatın azaldılmasına artıq may ayından start verildiyini qeyd edib: "Təbii ki, burada da hasilatı azaltmaq üçün quyular bağlanacaq və quyular bağlanacaqsa, hər bir quyu üzrə ştat cədvəli var. Yəni artıq bu adamlara həmin dövrlərdə, ola bilər ki, ilin sonuna qədər ehtiyac qalmayacaq. Quyuların bağlanılması, onların dayanması və daha sonra açılma prosesi də xeyli vaxt aparır”.

Ancaq bununla belə İ. Şaban deyir ki, pandemiya məsafədən daha tez, operativ idarəetmənin effekt verdiyini üzə çıxardı: "İnformasiya-kommunikasiya texnologiyalarının və rəqəmsallaşdırma səviyyəsinin yüksəldilməsi ilə izafi xərcləmələrin qarşısını almaq mümkündür. Nəticədə, əmək məhsuldarlığını və gəlirlilik səviyyəsini artırmaq olar”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR